“Xorvatiya dünya çempionatında öz inanılmaz enerjisi ilə diqqət çəkirdi. Onların müdafiədən hücuma fantastik sürətlə keçməsi çox təhlükəli idi”.
ONA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis vətənində verdiyi açıqlamada yığmamızdakı debütündən danışıb. N.Yurçeviç Xorvatiya ilə AVRO-2020-nin seçmə görüşündəki 1:2 hesablı məğlubiyyət barədə fikirlərini də bölüşüb: “Bilirdim ki, bizim möhkəm müdafiə səddimiz olsa, rəqib çətinliklə üzləşəcək. Komandamızın isə 5-6 təhlükəli əks-hücum imkanı yaranacaq. Düşündüyüm kimi də oldu. Biz daha bir qol da vura bilərdik”.
Baş məşqçi futbolçularla söhbətini də açıqlayıb: “Əsas məsələ cinahlarda ikiqat güclə oynamaq idi. Buna görə də cinah futbolçularım böyük yükləməyə məruz qaldılar. Oyunçularımız rəqibin cinahdakı futbolçularına elə nəzarət etdilər ki, onlar müdafiə səddimizi yara bilməsin. Sonda Andrey Kramariçin hiyləgər oyunu sayəsində qol buraxdıq. Bu barədə futbolçularıma xəbərdarlıq etmişdim. Amma onun qarşısını almaq mümkünsüz idi”.
Qeyd edək ki, Xorvatiya ilə martın 21-də Zaqrebdə keçirilən oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.