“Futbolçuların komandadan getməsi və gəlməsi ilə bağlı son sözü mən deyəcəyəm. Bununla bağlı mütəmadi görüşlərimiz olur”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer deyib.
Norveçli mütəxəssis KİV-də müxtəlif futbolçuların adlarının klubla yanaşı hallanmasına kinayəli cavab verib: “Mən işlərin gedişindən razıyam. “Mançester Yunayted” 250 futbolçu ilə müqavilə bağlamalıdır. Çünki siz daim anlaşmalı olduğumuz oyunçular barədə yazırsınız. Sizin yazdığınız oyunçuları heyətimizə qatacağımıza ümid edirəm”.
O.Q.Sulşer Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardıqlarını da vurğulayıb: “Uzunmüddətli planlaşdırmada Çempionlar Liqası barədə düşünməliyik. Biz növbəti mövsümdə bu turnirdə ola bilərik. Ətrafımızdakı agentlərin öz oyunçularını necə reklam etdiyinə təəccüblənəcəksiz”.
Qeyd edək ki, Premyer Liqanın 36 turundan sonra hesabında 65 xal olan “Mançester Yunayted” 6-cı pillədə qərarlaşıb.