8 Mart - Beynəlxalq Qadınlar günündə hər bir xanım özünə xüsusi diqqət, nəzakət, sevgi gözləyir. Postsovet respublikaları da daxil olmaqla, bir neçə ölkədə martın 8-i qeyri-iş günüdür. Amma razılaşaq ki, heç də bütün peşə sahibləri bu günü istirahət edə bilmir. Belələrinin arasında idmanla məşğul olanlar qadınlar öndə gəlir.
1976-cı ildə təşkil olunan Monreal Olimpiadasının qalibi Rəfiqə Şabanova da Beynəlxalq Qadınlar gününü evdə deyil, meydanda keçirənlərdəndir. 76 yaşlı veteran həndbolçu ONA-ya müsahibəsində son bayramı necə qeyd etməsindən, ilk təbriki kimdən almasından danışıb.
- 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirik. Bu tarix sizin üçün hansı əhəmiyyəti kəsb edir?
- Bu, sadəcə bir bayramdır. Kişilərin diqqətinin göstəricisidir. Doğmaların, yaxınların, uşaqların və nəvələrin həmin gün bir araya gəlməsidir.
- Onda bu günü xüsusi qeyd edirsiniz?
- Ailəmizlə birlikdə öz həyətimizə yığışırıq. Çox vaxt özümüz tək olmuruq. Dostlarımızı da çağırırıq. Birgə daha maraqlı olur və günün necə keçdiyini belə hiss etmirsən.
- Bəs sizi adətən ilk təbrik edən kim olur?
- Son illərdə nəvələrim. Onlar demək olar ki, hamını qabaqlayırlar. Nənələrini də daim diqqətdə saxlayırlar. Bu isə mən yaşda olan hər bir insan üçün böyük xoşbəxtlikdir.
- Onlar sizi necə və hansı hədiyyə ilə təbrik edirlər?
- Adi qaydada. Öpür, qucaqlayır, xoş arzularını çatdırırlar. Balacalar isə şəkillər çəkir və bununla məni sevindirirlər. Bu dəfə daha çox diqqət edim, görüm necə olacaq.
- Maraqlıdır, sizə indiyədək ən maraqlı hədiyyəni kimdən almısınız və bu nə olub?
- Artıq qocalmışam. Bütün 8 martları xatırladığımı düşünürsüz? Yaddaşımda yalnız nəvələrimin çəkdikləri şəkillər, verdikləri hədiyyələr qalıb. Çünki hazırda bu mənim üçün ən böyük xoşbəxtlikdir. Ümumilikdə, karyeram ərzində o qədər çox hədiyyə almışam ki... Onlar sırasında cənab prezident, nazirliklər və təşkilatların diqqətini də qeyd edərdim. İndi isə artıq qocalmışam.
- Bəs bayram günü yaddaşınızda qalan hər hansı bir hadisəni xatırlayırsızmı?
- Bu tarixə oyunlarımız da, təlim-məşq toplanışlarımız təsadüf edib. Demək olar ki, hər şeylə qarşılaşmışam. Onların hamısını xatırlamaq çətindir. Amma onu deyə bilərəm ki, hər bir bayram mənim müsbət enerji ilə yadda qalıb. Bu günü ancaq yaxşı mənada xatırlayıram. Həmişə həmin günüm xoş keçib.
- Bəs siz özünüz bu bayramda kimləri təbrik edirsiz?
- Dostlarımın, tanışlarımın hamısını təbrik edirəm. Təbii ki, qohumlarımı, qızımı yaddan çıxarmıram. Mənə göstərilən diqqəti mən də ətrafımdakılarla paylaşıram. Bu, hər bir xanım üçün xoşdur.