• İDMAN

    11:02 30 mart 2019

Olimpiya çempionumuz: “Kolleksiyamda Avropa çempionatının qızıl medalı çatmır” - MÜSAHİBƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin güləşçisi Şərif Şərifov ONA-ya müsahibə verib. Sərbəst güləş üzrə Olimpiya və dünya çempionu yarışa hazırlığından və hədəflərindən danışıb.

- Avropa çempionatının startına 9 gün qalır. Yarışa hazırlıq necə gedir?
- Təlim-məşq toplanışımız davam edir. Bəli, on gündən də az vaxtımız qalıb. Rusiyanın Kislovodsk şəhərində yaxşı hazırlıq keçirdik. Ardınca Mahaçqalada təlim-məşq toplanışı gerçəkləşdirdik. İndi isə sonuncu mərhələni işləyirik. Həmişə olduğu kimi, səfərdən əvvəl paytaxtda məşq edirik. Bütün güləşçilərimiz yaxşı formadadırlar. Çempionata zədələrsiz hazırlaşırıq. İndi səliqəli şəkildə məşq keçməliyik ki, həddən artıq yüklənməyək. Buna məşqçilərimiz baxır, izləyir, nəzarət edir. Saypulla Absaidov, Zəlimxan Hüseynov, Sadruddin Ayqulov və Arif Abdullayev kimi təcrübəli məşqçilərin rəhbərliyi altında çalışırıq. Demək olar ki, hamımız hazırlıq. Çempionatın startını gözləyirik.

- Şəxsən özünüzün Avropa çempionatındakı hədəfiniz nə olacaq?
- Mən həmişə olduğu kimi yalnız qızıl medal ardınca gedirəm. Çempionluq qazanmaq niyyətindəyəm. Rəqiblərim də eyni güləşçilərdir. Əsas məsələ çempionata tam hazır formada olmaq, özünü yaxşı hiss etməkdir. Yalnız qızıl medal barədə düşünürəm.

- Çempionluq yolunda əsas rəqibləriniz kimi hansı güləşçiləri qeyd edə bilərsiniz?
- Rusiya, Türkiyə, Belarus, Ukrayna, Gürcüstan yığmalarından olan güləşçiləri vurğulaya bilərəm. Onların heyətləri tam müəyyənləşməsə də, bu ölkələrin təmsilçiləri həmişə çıxışları ilə fərqləniblər. Mən isə qızıl üçün mübarizə aparacağam.

- Son illərdə titul qazana bilmirsiniz. Əsasən gümüş və bürünc əldə edirsiniz. Bunu nə ilə izah etmək olar?
- Mənim bütün titullarım – Olimpiya və dünya çempionu adlarım var. Amma Avropa çempionu olmamışam. İndiyədək qazanmadığım bu qızıl medalı da əldə etmək istəyirəm. Kolleksiyamı tamamlamaq üçün yalnız bu medal çatmır. Bu da mənə çox güclü motivasiya verir. Ona görə də Avropa çempionatında qalib gəlmək istəyirəm.

- Güləş idman növündə çəki dərəcələri ilə bağlı dəyişikliklər aparılıb. Sizin çıxış etdiyiniz 92 kq çəki dərəcəsi artıq Olimpiya Oyunlarında olmayacaq. Tokio-2020-də iştirak üçün nə etmək, hansı çəkini seçmək niyyətindəsiniz?
- Hələ dəqiq qərar verməmişəm. Yeni qaydalara görə, çəki mərasimi və yarış eyni gündədir. Əvvəl bir gün öncə çəki ölçülür, ertəsi döşəyə çıxırdıq. Artıq çəki atmaq da ağırdır. Yəqin ki, çəkimi yuxarı qaldıracağam. Hələlik isə 92 kq çəki dərəcəsindəyəm. Bu il elə bu kateqoriyada güləşəcəyəm.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR