Fransa milli komandasının və İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru yığma karyerasını bitirəcəyi vaxtı açıqlayıb. ONA-nın məlumatına görə, 33 yaşlı hücumçu AVRO-2020-dən sonra millidən ayrılacağını bəyan edib.
O, qitə çempionatının seçmə mərhələsinin startı ərəfəsində verdiyi açıqlamada 8 illik yığma karyerasını bitirəcəyini bildirib. 2011-ci ilin payızından Fransa millisində çıxış edən O.Jiru bunu gənclərə yol açmaq məqsədilə etdiyini vurğulayıb: “AVRO-2020 mənim millidə son macəram olacaq. Bundan sonra yolu gənclərə verməliyəm. Killian Mbappe millinin əsl “9 nömrə”si olacaq”.
Qeyd edək ki, millidə keçirdiyi 86 oyunda 33 qol vuran hücumçu ötən il yığma ilə dünya çempionu titulunu qazanıb. O, millinin tarixinin ən yaxşı bombardirləri siyahısında 3-cü pillədə qərarlaşıb.