“Klublar üçün mövsüm başa çatıb. Mayda milli komandaların oyunları keçirilir. Azərbaycan yığmasını da üç böyük sınaq gözləyir”.
ONA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova deyib.
Yığmamızın lideri bildirib ki, zədədən əziyyət çəkdiyi üçün bütün turnirlərdə komandaya kömək edə bilməyəcək: “Komandamız Qızıl Avropa Liqası, Olimpiya təsnifat oyunları, həmçinin Avropa çempionatında qüvvəsini sınayacaq. Bir neçə gün Bakıda oldum və millinin həkimləri ilə görüşdüm. İdman zədələrsiz olmur. Təəssüf ki, mənim zədələrim var ki, müalicə olunmalıyam. Komandamızın həkimi ilə birlikdə federasiyanın vitse-prezidenti Faiq Qarayevlə də görüşdük. Orada zədələrimin müalicə olunması və milli komandaya hazır formada gəlməyimin vacibliyi qeyd edildi. Buna görə belə qərara alındı ki, mən bu il Qızıl Avropa Liqası zamanı müalicə olunum”.
Yeni mövsümdə Braziliyanın “Sesi” klubunda çıxış edəcək P.Rəhimova ölkə xaricində müalicə alacağını, bundan sonra yığmaya hazır vəziyyətdə dönəcəyini bildirib: “Müalicəmi Türkiyədə alacam. Daha sonra milli komandanın düşərgəsinə yaxşı formada qayıdacağam. Komandamızın yaxşı çıxış etməsi üçün əlimdən gələni edəcəyəm. Fikrimcə, bu il milli komandamız uğurlu çıxış edəcək”.