UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.
ONA-nın məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib.
Öncə 3-cü yer uğrunda matç baş tutub. Gimaraynş şəhərində keçirilən qarşılaşmada İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb.
Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan futbolun yaradıcıları 6:5 hesabı ilə qalib gəliblər.
Həlledici qarşılaşma isə Portunun “Draqao” stadionunda baş tutub. Meydan sahibi Portuqaliya öz meydanında Hollandiya ilə qarşılaşıb.
Finalın taleyi görüşün ikinci hissəsində həll olunub. 60-cı dəqiqədə qüvvətli zərbə ilə qol vuran Qonsalo Qedeş Portuqaliya millisinə qitəmiqyaslı turnirlərdə ardıcıl ikinci titulu qazandırıb. AVRO-2016-nın qalibi Millətlər Liqasında ilk mövsümün kubokunu başı üzərinə qaldırıb. Üç qolla final mərhələsinin bombardiri olan Kriştianu Ronaldo isə “Allpay” mükafatına yiyələnib.
Beləliklə, 2018-ci ilin sentyabrında start götürən Millətlər Liqasının 2018-19 mövsümünə yekun vurulub. Yarışın yekununda qalib komanda kuboku başı üzərinə qaldırmaqla yanaşı 10,5, finalçı 9, üçüncü yer sahibi 8, həlledici mərhələnin uğursuzu 7 milyon avro qazanc edib.
Qeyd edək ki, başa çatan Millətlər Liqasının yekunlarına, həmçinin AVRO-2020-nin seçmə mərhələsinin nəticələrinə əsasən 16 komanda qitə çempionatının pley-off mərhələsində iştirak edəcək. Portuqaliyadakı final mərhələsinin qalibinin AVRO-2020-yə yüksəldiyini düşünənlər olsa da, yarışın əsasnaməsində belə bir bənd yoxdur. Final mərhələsinin iştirakçıları seçmə oyunlar və pley-offdan sonra bəlli olacaq.
Millətlər Liqası
Final mərhələsi
9 iyun
3-cü yer uğrunda
17:00. İngiltərə - İsveçrə - 0:0, pen.6:5
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gimaraynş. D.Afonso Enrike stadionu
Final
22:45. Portuqaliya – Hollandiya – 1:0
Qol: Qedeş, 60
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya)
Porto. “Draqao” stadionu