Futbol üzrə qitəmiqyaslı klub turnirlərində bu həftə keçirilən oyunlardan sonra komandaların UEFA reytinqi açıqlanıb. ONA-nın məlumatına görə, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqasında 1/16 final mərhələsi başa çatdıqdan sonra cədvəldə bəzi dəyişikliklər olub.
Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi də dəyişib. Hesabında 22,000 xal olan Ağdam klubu “Feyenoord” (Hollandiya), “Leypsiq” (Almaniya) və “Lester”lə (İngiltərə) 68-71-ci yerləri bölüşür. Qurban Qurbanovun yetirmələri bir pillə geriləyib.
Buna Türkiyənin “Qalatasaray” klubunun irəliləməsi səbəb olub. Avropa Liqasının 1/16 final mərhələsində “Benfika” ilə Portuqaliyada 0:0 hesablı heç-heçə edən İstanbul klubu qazandığı 1 xalla aktivini 22,500-ə çatdırıb və 67-ci pilləyə yüksəlib.
Siyahıda yer alan digər Azərbaycan klublarından “Qəbələ” 6,250 xalla 163-164-cü, hərəyə 3,700 xalı olan “Keşlə”, “Neftçi”, “Zirə” və “Kəpəz” 273-276-cı yerləri bölüşürlər.
Qeyd edək ki, Avropanın 449 klubunun yer aldığı siyahıya 146,000 xala malik “Real” (İspaniya) başçılıq edir. Hərəyə 128,000 xala malik “Barselona” (İspaniya) və “Bavariya” (Almaniya) liderin ən yaxın izləyiciləridir.