Ukraynanın “Karpatı” klubunun futbolçusu Yaroslav Deda vətənində müsahibə verib. ONA-nın məlumatına görə, 2017/18 mövsümündə “Qarabağ”ın U-19 komandasının heyətindəki çıxışı ilə diqqət çəkən hücumçu Azərbaycan karyerası barədə də danışıb.
- “Qarabağ”dakı debüt oyununda qol vurdunuz. Gənclər Liqasında “Atletiko”nun qapısına yol tapsanız da, 1:5 hesabı ilə uduzdunuz. Debüt barədə təəssüratınız necə idi?
- “Qarabağ”ın Gənclər Liqasındakı ilk oyununda “Çelsi”yə qarşı oynamağı çox istəyirdim. Amma yoxlama oyununda zədələndim. Böyük səylə hazırlaşırdım. Çempionlar Liqasında, gənclər arasında olsa belə oynamaq xəyalım idi. “Atletiko” ilə görüşə çıxdım və qol vura bildim. Qoldan sonra keçirdiyim hisslər sözlə ifadə etmək olmur. Amma yekun nəticə məyus etdi.
- “Qarabağ”ın Gənclər Liqasında vurduğu hər üç qol sizin hesabınızdadır. Karyeranızın həmin mərhələsini necə dəyərləndirirsiz?
- Belə oyunlarda qol vurmaq arzum böyük idi. İnkişaf etmək, irəliləmək istəyirdim. İstəyirdim ki, diqqəti cəlb edim və daha yüksəyə qalxım.
- Azərbaycan tam başqa mədəniyyətə, mentalitetə malik ölkədir. Oranın insanları, məişəti barədə danışardınız...
- Azərbaycanda paytaxt Bakıdakı bazada yaşayırdım. Şəhər çox gözəl, maraqlıdır. İnsanlar üzügülər, mehribandırlar. Vaxtımı komanda ilə keçirirdim. Film izləməyə gedirdik. Demək olar ki, bütün komanda yoldaşlarım rusca danışırdı. Yalnız bəziləri bunu bilmirdi.
- Şərq mətbəxi necə idi?
- Əvvəl yerli mətbəxə uyğunlaşmaq çox çətin idi. O özünəxasdır. Sonradan uyğunlaşdım. İndi isə düzünü desəm, hətta yeri görünür.
- Sizə Azərbaycan vətəndaşlığı almaq da təklif edirdilər...
- Bəli, təklif edirdilər. Əvvəl hətta düşündüm də. Bu, 2017-ci ilin qışında, evə qayıtmazdan öncə idi. Cavab verdim ki, Ukraynaya gedib, valideynlərimlə məsləhətləşərəm. Düzünü desəm, valideynlərim Azərbaycan vətəndaşlığını almağımın əleyhinə idilər. Özüm də bunu istəmədim. Mən ukraynalıyam. Öz yığmamızda oynamağı arzulayıram. Artıq müxtəlif aşağı yaş qrupları üzrə yığmalarda oynamışam. Milli komandaya da dəvət almaq üçün hər şey edəcəyəm.
- Sizi Azərbaycanın əsas, yoxsa gənclər yığmasında görmək istəyirdilər?
- Gənclər.
- Azərbaycan Gənclər Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?
- Çox zəifdir. Onun səviyyəsi Ukraynanın gənclər arasında çempionatından çox aşağıdır.
- Orada çox oyun keçirdiniz?
- U-21-də (əvəzediciləri nəzərdə tutur – red.) təxminən 4 matç keçirdim. Məni əsasən çempionluq üçün mübarizə aparan U-19-da saxlayırdılar. 15 oyunda 23-24 qol vurdum. Hər görüşdə 2-3 qol vururdum. Hücumun sivri ucunda, cinahda, hara qoysalar hər yerdə oynayırdım.
- “Qarabağ”ı niyə tərk etdiniz?
- Orda oynamaq istəmədim. Müqaviləmə xitam verilməsini xahiş etdim. Rəhbərlik cavab verdi ki, bunu mövsümün sonunda edəcəklər. Azərbaycandan 2018-ci ilin mayında qayıtdım.
- Qarşılıqlı razılıqla müqaviləni pozdunuz?
- Yox. Biz həmin vaxt müqaviləyə xitam verə bilmədik. “Karpatı” məni transfer etdi.
- “Karpatı”ya keçmək variantınız necə yarandı?
- Bunu agentlərim təklif etdi. Onlardan xahiş etmişdim ki, mümkün qədər evə yaxın variantlar axtarsınlar. Mən də istirahət edim, bərpa olunub əvvəlki yüksək səviyyəmə qayıdım.