“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.
ONA-nın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Fransanın San Nazer şəhərində təşkil olunan “Snaf Mondial Cup”da qüvvəsini sınayacaq.
Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 mayın 9-13-də keçiriləcək turnirə 18 futbolçu ilə yollanıb. “Qəbələ”nin heyətinə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar – Müşfiq Nadirov, Nika Baçaliaşvili;
Müdafiəçilər – Emil Səfərov, Veysəl Rzayev, Əmrah Məmmədli, Ülvi Mədətov, Ümüd Həmzəyev;
Yarımmüdafiəçilər – Aqil Nəsibov, Rauf Məhərrəmov, Gülağa Əsədov, Samir Məhərrəmli, Rauf Rüstəmli, Çingiz Məmmədov;
Hücumçular – Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Mehrac Baxşəliyev, Taleh Qarayev.
“Porto” (Portuqaliya), “Palmeyras” (Braziliya), “Zenit” (Rusiya), “Anderlext” (Belçika) kimi klubların da qatıldığı yarışda 16 iştirakçı 4 qrupda mübarizə aparacaq. A qrupunda yer alan “Qəbələ” “Benfika” (Portuqaliya), “Monako” və “Anje” (hər ikisi Fransa) ilə mübarizə aparacaq.
“Qırmızı-qaralar” qrupdakı oyunlarını mayın 10-da keçirəcək. Hər qrupda ilk iki yeri tutan komandalar olimpiya sistemi ilə mükafatlar uğrunda mübarizə aparacaq. Digər iştirakçılar isə 9-16-cı yerlərin sahiblərini müəyyənləşdirəcəklər.