"Ağır oyun olacağını bilirdik. Çünki rəqib “Qarabağ” idi".
ONA-nın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçında (2:1) qonaqlar məğlub olsalar da, mərhələ adlayıblar. Evdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərdə vurulan qol hesabına finala yüksəliblər. Tarixində 4-cü dəfə həlledici qarşılaşmada oynayacaq əyalət klubu ardıcıl üçüncü dəfə yarımfinal səddini uğurla adlayıb.
“Qırmızı-qaralar”ın çalışdırıcısı bildirib ki, mərhələ adlamaq heç də asan başa gəlməyib: "Son illərin çempionu olan prinsipial komandadır. Evdə 1:0 hesabı ilə qalib gəldiyimizdən üstünlüyümüz olsa da, ciddi rəqiblə görüşürdük. Çox çətin idi. Futbolçularımız böyük iş gördülər. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq həqiqətən böyük xarakter, taktiki cəhətdən düzgün oynamaq tələb edirdi. Bir an belə konsentrasiyanı itirməməliydik. Futbolçuları təbrik edirəm. Bizi qarşıda final gözləyir".
S. Qurbanov həlledici görüşdə də inamlı çıxış edəcəklərinə inam ifadə edib: "Finalda 4-cü dəfə uduzmaq fikrimiz yoxdur. Çalışacağıq ki, mövsümü titulla başa vuraq. “Qarabağ” kimi qol vura bilən komandaya qarşı oynayırdıq. Futbolçuları sona qədər özlərinə inanmağa çağırmışdıq. Bunu onlara aşılamışdıq. Hesab 2:0 olanda sona qədər inanırdıq ki, bir qol vurub ümumi nəticəni dəyişə bilərik. Finaldakı rəqibin kimliyi fərq etmir. Çünki final 1 oyundan ibarətdir. Burda gözləmədiyin nəticələr ola bilər. Həmin matça psixoloji hazırlaşmaq rol oynayır. Futbolçuların bir hədəfi var idi ki, finala çıxıb kuboku muzeyimizə aparaq”.