"Maraqlı oyun alındı. Xüsusən də, ikinci hissədə".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə keçirilən oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb: "Hər iki komanda istəkli idi. Futbolçularımdan razı qaldım. Çempionat getdikcə bizim üçün çətinləşir. Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq".
Baş məşqçi Mahir Emrelinin Avropa Liqasında "Vilyarreal"la görüşün start heyətində yer almaq ehtimalının az olduğunu bildirib. Ancaq Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacağına oyundan əvvəlki məşqdən sonra müəyyənləşəcəyini söyləyib.
Qurbanov həmkarı Rəşad Sadıqovla mübarizəsinə də toxunub: "İndiyədək çox məşqçilərlə görüşmüşəm. Amma belə hallarda heç vaxt səmimi sözlər arzulamırdıq. İlk dəfə Rəşada səmimi qəlbdən uğurlar dilədim".