• İDMAN

    19:58 5 may 2019

Qurban Qurbanov: "Hər sonrakı çempionluq bizim üçün daha əziz olur"

“Öncə futbolçularımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular".

ONA-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı ardıcıl 6-cı Azərbaycan çempionluqlarını şərh edib: "Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam. Liderliyi sona 3 tur qalmış ələ keçirdik, sonadək qoruduq. Halbuki mövsümboyu ikinci pillədə idik. Bugünkü matçda isə gərginlik daha çox idi. Futbolçular çox istəkli və gərgin idilər. Mövsümü çempion kimi başa vurduğumuz üçün sevincliyəm".

Komandasının mövsümdəki çıxışından razı qalan mütəxəssis bildirib ki, titulu qorumaq daha çətindir: "Daim yanlarında oldum. Onların nə cür məsuliyyətli olduqlarını, əziyyət çəkdiklərini görürdüm. Komandada xeyli dəyişikliklər oldu. Buna baxmayaraq, hamı toparlandı, təcrübə və istəyindən yararlana bildi. Aftandil Hacıyevi də ilk medalı və avrokuboklara vəsiqəni qazandığı üçün təbrik edirəm. Az bir müddətdə çox iş gördülər. İstədiyiniz nöqtəyə çatmaqdan daha çətin orada qalmaqdır. Titul qorumaq daha çətindir. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmaq lazımdır”.

Qeyd edək ki, "Qarabağ" "Səbail"ə 4:0 hesabı ilə qalib gəlməklə, Topaz Premyer Liqasının başa çatmasına 1 tur qalmış qızıl medalları rəsmiləşdirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR