“Yığmamıza yeni baş məşqçi təyin olunduqdan sonra onun rəhbərliyi altında məşq edirik. Artıq üç aydır yarışlara yeni mütəxəssisin başçılığı altında hazırlaşırıq”.
ONA-nın məlumatına görə, bunu karate üzrə Azərbaycan milli komandasının üzvü Rafael Ağayev deyib.
5 qat dünya və 11 qat Avropa çempionu bu gün Azərbaycan Gənclər və İdman Nazirliyində təşkil olunan karate yığması ilə görüşdə jurnalistlərin suallarını cavablandırıb. İspaniyanın Qvadalaxara şəhərində keçirilən qitə çempionatında gümüş medal qazanan idmançı son vaxtlar qızıl mükafat əldə etməməsinə münasibət bildirib: “Məşqçi dəyişikliyi hər bir idman növündə olur. Yeni məşqçi gələndə nəticələr üçün müəyyən zaman lazım olur ki, idmançıları onun hazırlıq planına, taktikasına uyğunlaşsın. Komanda üzvlərində hər şey alınır. Öz formama gəlincə, hər şey yaxşıdır. Qatıldığım son üç yarışın hamısında medal qazanmışam, ikisində finala çıxmışam. Düzdür, qızıl medal yoxdur. Buna görə bir az narahatam. Lakin yaxşı formada olduğumu düşünürəm”.
R.Ağayev əsas hədəfinin Olimpiya Oyunları olduğunu qeyd edib: “Bir peşəkar idmançı il ərzində yüksək formada ola bilməz. Bu idmanın gedişatıdır. İstər-istəməz yüksəliş və enişlər olmalıdır. Özüm hər şeydən razıyam. Əsas hədəfimiz Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlıdır. Orada iştirak, çempionluq, medallar qazanmaq istəyirəm. Hələlik 2-3-cü yerlərdə olmağım məni qorxutmur. Bu nəticələr məni həvəsdən salmır. Gələcəkdə medallar, o cümlədən qızıl medal da olacaq”.
Karateçi karyerasını bitirmək fikrində olmadığını qeyd edib: “Hələ karyeramı bitirmək fikrim yoxdur. Olimpiadada medal qazandıqdan sonra bu barədə düşünmək olar. Özümü yaxşı hiss edirəm. Son yarışlarda gümüş və bürünc medal qazanmışam. Bu da normaldır. Biz idmançılar robot deyilik. Karatedə Olimpiya Oyunlarına lisenziyalar fərqli şəkildə sahiblərini tapır. Gələn il Bakıda keçiriləcək Avropa çempionatına qədər vaxtımız var. Həmin turnirdə Tokioya lisenziyaları rəsmiləşdirmək üçün yüksək yerlərdən birini tutmalıyam”.