Karate üzrə Azərbaycan milli komandası Mərakeşin paytaxtı Rabatda keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
ONA-nın məlumatına görə, karateçilərimiz Karate1 Premyer Liqa turnirindən bir medal qazanıblar.
Yığmamızın yeganə mükafatı Rafael Ağayevin hesabındadır. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə fransalı Loqan da Kosta ilə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan karateçimiz bürünc medala yiyələnib.
Millinin digər üzvləri - Turqut Həsənov və Pənah Allahverdiyev (hər ikisi 84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
Qeyd edək ki, aprelin 19-21-də keçirilən Karate1 seriyalı turnirdə 8 ölkədən 661 idmançı mübarizə aparıb.