“Zirvəyə qalxmaq üçün bir hədəfin olmalıdır. Sonra bunu həyata keçirməyə başlayırsan. Hədəfə çatdırsansa, özünü rahat və güclü hiss edirsən”. ONA-nın məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu “İşık Okulları”nın şagirdləri ilə görüşüb. “İdmanda inam, uğur və iz buraxmaq” mövzusunda danışan R.Quliyev bildirib ki, qazanılan hər bir uğur insanı növbəti yarışa kökləyir: “İstəklərini gerçəkləşdirə bildiyini anlayırsan. Bu, özün üçün böyük bir ruh yüksəkliyi olur. Həyatda bir şeyi qazanmaq istəyirsənsə, çox çalışmalısan. Hər idmançı üçün böyük bir yarışda qələbə işin zirvəsində olduğunu göstərir. İdmançıya doğru yolla addımladığını, hər şeyi düzgün etdiyini xatırladır. 70 min nəfərlik stadionda hər kəsin ayağa qalxıb, İstiqlal marşımızı səsləndirməsi başqa bir hissdir. Atletikada Türkiyəni təmsil etdiyim üçün çox xoşbəxtəm”.
Atlet gələcək planlarından da söz açıb. O bildirib ki, əsas məqsədi 2020-ci ildə baş tutacaq Tokio Yay Olimpiya Oyunlarıdır: “Həftədə 12 dəfə məşq edirəm. Ən çox 1-2 gün dincəlmək haqqımız var. İstirahət günləri də reabilitasiya və müalicələrlə keçir. Günə səhər saat 8-də başlayıram. Məşqlər gecə 11-də bitir. Yarışlara çox sıx proqramla çalışırıq. Çətin bir həyat olsa da, yarışlarda ölkəmi təmsil etməyim sözlə ifadə olunacaq hiss deyil”.