Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Sovetski sport” nəşrinə müsahibə verib. ONA-nın məlumatına görə, hazırda “Krılya Sovetov”da çıxış edən Rusiya futbolunun yetirməsi yığmadakı son iki oyunu barədə danışıb. O, Xorvatiya ilə (1:2) AVRO-2020-nin seçmə oyunu və Litva ilə yoxlama görüşünü dəyərləndirib.
- Hazırkı dünya ikinciləri - Xorvatiya ilə matç barədə təəssüratlarınız necədir?
- Hesab edirəm ki, biz pis oynamadıq. Xorvatiyalıları əks-hücumda tutduq. Təəssüf ki, heç-heçəni qoruya bilmədik. Hərçənd buna yaxın idik. Lakin istənilən halda, Zaqrebdəki matçı müsbət hesab etmək olar. Düzdür, oyundan öncə bir az həyəcan var idi. Xorvatiya adlara görə ulduz komandadır. Tam gücümüzü qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə yorğun çıxdıq. Bir neçə imkanı qaçırdıq və 0:0 hesablı heç-heçə ilə kifayətləndik.
- Əvvəllər Luka Modriçə simpatiyanız olduğunu etiraf etmisiz. Kumirə qarşı oynamaq necə alındı?
- Əlbəttə, onunla eyni meydana çıxmaq xoş idi. O, ötən ilin yekununda “Qızıl top”u təsadüfən almayıb. Böyük usta olması oyunda da hiss edilirdi. Belə rəqiblə qarşılaşanda özün də inkişaf edirsən. Bu qiymətsiz təcrübədir. Yeri gəlmişkən, “Real”a azarkeşlik edirəm. Lakin təkcə Modricə görə deyil. Xorvatiyalı “Tottenhem”də oynayanda İngiltərədə “Arsenal”a simpatiyam var idi.
- Xorvatiya sizinlə ağır oyundan sonra Macarıstana uduzdu. Azərbaycanın qrupdan çıxmaq şansı var?
- Hesab edirəm ki, mümkünsüz heç nə yoxdur. Görün seçmə mərhələdə nə qədər sensasiya, nə qədər maraqlı süjetlər yaşanır. Qrupumuz bərabər səviyyəlidir – Macarıstan, Uels, Slovakiya... Biz ikinci yer üçün mübarizə aparmağa çalışacağıq.
- Azərbaycanı xorvat mütəxəssis Nikola Yurçeviç çalışdırır. Yığma üzvləri klublarına getməzdən öncə sizə nə dedi?
- Yaxşı oyun üçün təşəkkür etdi. İyunda Macarıstan və Slovakiya ilə ev matçlarının olduğunu xatırlatdı. Bu görüşlər vacibdir. Ona görə maksimum xal yığmalıyıq.
- Premyer Liqada Azərbaycanın yeganə təmsilçisisiniz. Sizdən başqa bizim çempionatda kim oynaya bilər?
- Mən çoxunun adını çəkə bilərəm. Amma konkret ad deməyəcəyəm. Bu, subyektiv yanaşmadır. Futbolçu bir komandaya uyğun gələr, başqasına yox. Hər şey məşqinin baxışından asılıdır. Azərbaycan futbolçularının ustalıq səviyyəsi var.
- Siz “Qarabağ”la Rusiya və Slovakiyadan sonra Azərbaycan çempionu da olduz...
- Bəli. Xoş faktdır. Amma mənim üçün oynamaq daha vacibdir, nəinki titul toplamaq. Ona görə də Azərbaycan və Slovakiyada qazandığım qızıl medalı Rusiyadakından üstün tuturam. “Zenit”də çempion olanda 5 oyun oynamışdım və titul qazanmaqda rolum şərti idi.