• İDMAN

    09:33 5 aprel 2019

Rauf Məmmədov: “Uğursuz Avropa çempionatından sonra özümə gəlirəm”

“Turniri Şəmkirdən kənardan izləmək mənə yaddır. Amma belə alındı ki, turnirə nə iştirakçı, nə də sekundant kimi yollandım”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov deyib.

Üçqat Avropa çempionu Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturniri barədə fikirlərini bildirib. Yarışa qatılmayan qrossmeyster turnirin favoritini və azarkeşlik etdiyi şahmatçıları da açıqlayıb: “Dəhşətli çıxış etdiyim uğursuz qitə çempionatından sonra özümə gəlirəm. Bir sözlə, turniri kənardan izləyirəm. Heç-heçələrin çox olduğunu iddia edərək kommersiya turnirlərini tənqid edənləri başa düşmürəm. Şahmat tacı uğrunda matçda 12 partiyanın hamısı heç-heçə bitmişdi. Nə olsun? Baxın, burda hamı necə hər hansı güzəşt olmadan mübarizə aparır. Tək Aniş Giri – Sergey Karyakin oyunu nəyə desən dəyər. Bəs, Vişvanatan Anand – Şəhriyar Məmmədyarov görüşü? Baxmağa çox şey var. Şəmkirdə səviyyəli forum bir araya gəlib. Əlbəttə, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbova azarkeşlik edirəm. Amma düşünürəm ki, yenə Maqnus Karlsen qalib gələcək. Deyəsən, biz dahi şahmatçının dövründə yaşayırıq. Maqnus tempi azaltmaq niyyətində deyil. Onu kimin keçə biləcəyi çox maraqlıdır”.

Şəmkirdə təşkil olunan turnirin ilk 5 turu arxada qalıb. Norveçli Maqnus Karlsen 3,5 xalla yarışın lideridir.

Qeyd edək ki, R. Məmmədov Avropa çempionatında 6 xalla 135-ci yeri tutub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR