“Hazırda Azərbaycanda bir neçə komandanın olması yaxşı haldır. Düzdür, yüksək səviyyədə deyillər. Bu da təbiidir”. Bunu ONA-ya həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanova deyib.
Azərbaycan Həndbol Federasiyasında vitse-prezident vəzifəsində çalışan 76 yaşlı mütəxəssis ölkəmizdə bu idman növünün hazırkı durumundan razı deyil. O bildirib ki, son illərdə komandalara hazır həndbolçu çox az gəlir: “Əvvəllər ölkənin hər bir bölgəsində idman məktəbləri vardı, ordan perspektivli idmançılar çıxırdılar. Hazır vəziyyətdə komandalara gəlirdilər. İndi onların sayı azalıb. Keçirilən matçların, səfərlərin sayında da bu müşahidə edilir. Oyun təcrübəsi olmadan isə heç bir idman növünü qaldırmaq olmaz. Qadınlarda 4 komandamız var. Onların heyətində yeniyetmə və gənclər də oynayır. Həmçinin də oğlanlarda. Mən daha çox komandanın olmağını istəyirəm. Amma bu gün belə deyil”.
Azərbaycan milli komandasının baş məşqçisi də olmuş veteran həndbolçu ölkəmizə gələn əcnəbilərin durumunun da qənaətbəxş olduğu qənaətində deyil: “İndi komandalarımızın heyətində legionerlərin sayı çoxdur. Bu vaxtadək heç belə olmamışdı. İstəyərdim ki, öz oyunçularımız çıxış etsin. Onların sayı artsaydı, yaxşı olardı. Həndbolu yerlilərin sayəsində qaldırardıq. Legioner oyunçular da lazımlıdır. Amma hesab edirəm ki, onlar yaxşı həndbolçular olmalıdır ki, komandanı arxasınca aparsınlar. Əgər onlar ortababdırlarsa, bundan özümüzdə də var. Hələlik yalnız komandaların sayının çox olması yaxşı haldır”.
R.Şabanova iyulda Bakıda keçiriləcək Olimpiya Gənclər Festivalında iştirak edəcək komandamızın təlim-məşq toplanışından yeni qayıtdığını deyib: “Qızlardan ibarət millimiz Krasnodara yollanmışdı. Orda beynəlxalq turnirə qatıldı. Heç olmasa belə bir oyun praktikası qazandılar. Amma Bakıdakı yarışa hansı komandaların, hansı səviyyədə gələcəklərini bilmirəm. Demək olar ki, yığmalarla səfərlərdə çox yollanmıram. Buna görə də heç nə deyə bilməyəcəm”.