“Bakıda rəqibləri keçmək üçün həmişə yaxşı imkan var. Trasın düz hissəsi o qədər uzundur ki, böyük aerodinamik boşluq yaranır. Bu da həmişə yaxşıdır”.
ONA-nın məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında “Haas” komandasının şərəfini qoruyan Romen Qrojan deyib.
Təcrübəli pilot aprelin 26-28-də Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayıb: “Bu trasda əsas yarış təsnifat mərhələsindən daha maraqlı və şən keçir. Təsnifatda 90 dərəcəlik döngələri arxada qoymalı olursan ki, bu da kifayət qədər çətindir. Yarış isə həmişə maraqlıdır. Yəqin ki, Bakı trası Montsa kimi yeni aerodinamik paketin əhəmiyyət kəsb etməyəcəyi yerdir. Bakıda ötüşmə həmişə əladır. Düşünürəm ki, orda xüsusi dəyişikliklərə ehtiyac yoxdur. Baxaq, görək necə alınacaq”.
Qeyd edək ki, Qrojan cari mövsümün uğursuzlarındandır. O, ilk üç mərhələdə xal qazana bilməyib.