Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki matç keçirilib. ONA-nın məlumatına görə, 1/4 finala vəsiqələr Mançester və Turindəki qarşılaşmalarda sahiblərini tapıb.
Almaniyanın “Şalke” klubunu qəbul edən “Mançester Siti” çətinlik çəkmədən mərhələ adlayıb. Səfərdə 3:2 hesablı qələbə qazanan İngiltərə klubu cavab görüşündə də rəqibinə şans verməyib.
“Mançester Siti” ilk yarıda vurulan üç qolla cütün taleyini həll edib. Serxio Aquero iki, Leroy Sane bir dəfə fərqlənib. Fasilədən sonra meydan sahibləri Bundesliqa klubunu darmadağınını rəsmiləşdiriblər. Rahim Sterlinq, Bernardu Silva, Fil Foden və Qabriel Jezus hesabı 7:0-a çatdırıblar.
İtaliyada isə “Yuventus” “Atletiko” ilə görüşüb. İspaniyada 0:2 hesabı ilə uduzan Turin təmsilçisi ilk dəqiqələrdən təşəbbüsü ələ alıb və hücumlarına ara verməyib. “Ağ-qaralar” 27-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Kriştianu Ronaldo baş zərbəsi ilə qol sevinci yaşayıb.
Oyunun qəhrəmanı olan portuqaliyalı ulduz matçın taleyini də həll etməyi bacarıb. O, fasilədən az sonra ikinci qolu vurmaqla ümumi hesabda tarazlıq yaradıb. Final fitinə dörd dəqiqə qalmış isə penalti zərbəsi ilə “Yuventus”u 1/4 finala daşıyıb.
Qeyd edək ki, ötən həftə keçirilən cavab oyunlarından sonra “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Portu” (Portuqaliya) və “Ayaks” (Hollandiya) 1/4 finala vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
12 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Şalke” (Almaniya) – 7:0
Qollar: Aquero, 35 (pen.), 38, Sane, 42, Sterlinq, 57, Bernardu Silva, 71, Foden, 78, Jezus, 84
Baş hakim: Klement Turpin (Fransa)
Mançester. Şəhər stadionu
İlk oyun – 3:2
00:00. “Yuventus” (İtaliya) – “Atletiko” (İspaniya) – 3:0
Qollar: Ronaldo, 27, 48, 86 (pen.)
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Turin. “Yuventus” stadionu
İlk oyun – 0:2