Akademik avarçəkmə üzrə Rusiya millisi Mingəçevirdə təlim-məşq toplanışına başlayıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şimal qonşularımız hazırlığa 84 nəfərlik heyətlə gəliblər.
Rusiyalılar “Kur” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən məşqlərə qarışıq komanda ilə qatılıblar. Kişilərdən və qadınlardan ibarət əsas millilərlə yanaşı, baxışa dəvət olunan gənc avarçəkənlər də toplanışda iştirak edirlər.
Kişilərdən ibarət yığmanın hazırlığı martın 31-də başa çatacaq. Xanım avarçəkənlər isə onlardan 6 gün öncə ölkəmizdən ayrılacaqlar.
Qeyd edək ki, hazırda “Kür” Olimpiya Tədris-İdman Mərkəzində rusiyalı idmançılarla yanaşı, Almaniyanın “Leypsiq” klubu və Gürcüstanın kanoe və kayak növü üzrə 6 idmançısı təlim-məşq toplanışı keçir.
Ehtiram Muradov