“Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Vəziyyəti, lisenziya qazanmaq şanslarını təhlil etmişdik”.
ONA-nın məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatında 6 medal qazanan yığmamızın çıxışını dəyərləndirib: “Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu. Şərif Şərifov isə dünya çempionatı və Olimpiadadan sonra qitə birinciliyində də “qızıl” qazanaraq, medal kolleksiyasını tamamladı. Ağahüseyn Mustafayev çempionluğun bir addımlığında qaldı. Gənc güləşçilər də yaxşı çıxış etdi. Xüsusən də Mahir Əmiraslanov əla güləşdi. Nurməhəmməd Hacıyev də yarışdan-yarışa artırır. Dünya çempionatınadək daha da güclənəcək”.
O, jurnalistlərə açıqlamasında uğur qazanmalarında yaradılan şəraitin də mühüm rol oynadığını qeyd edib: “Yaxşı hazırlıq keçmək üçün əlverişli şərait yaradan, bütün problemlərimizi həll etməyə çalışan federasiyamızın rəhbəri Namiq Əliyevə, daim yanımızda olan və dəstəyini əsirgəməyən vitse-prezident Firdovsi Umudova təşəkkür edirəm. İnşallah, hər şey bundan sonra da yaxşı olar”.
Qeyd edək ki, komanda hesabında üçüncü olan Azərbaycan millisinin heyətində Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb.