• İDMAN

    12:33 3 aprel 2019

Şəhriyar Məmmədyarov: “Özümə gəlməyə cəmi bir gün vaxtım var”

"Düşünürəm ki, daha çox üstünlük qazanmışdım. Qələbəyə yaxın olsam da, 3-4 gedişdə səhvə yol verməklə rəqibə şans verdim”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" turnirinin III turunda sabiq dünya çempionu Vişvanatan Ananda uduzan qrossmeysterimiz məğlubiyyət barədə danışıb. Partiyaya yaxşı başladığını deyən Şəhriyar səhv etdiyini etiraf edib: “Yaxşı oynadığımı fikirləşirəm. Sadəcə, oyun bu nəticəylə bitməməliydi. Əsas problem vaxt azlığı idi. Tez qərar qəbul etməliydim. Partiyanın sonunda heç-heçə olacağına əmin idim. Məğlubiyyət görünmürdü. Vəziyyət heç-heçəyə aparırdı. Bəxt mənim tərəfimdə olmadı. Peşəkar şahmatçı kimi bəxtdən danışmaq düzgün olmaz, sadəcə başqa səbəb tapmaq olmur. Məyus olsam belə, özümə gəlməyə cəmi bir gün vaxtım var. Növbəti oyunları düşünməliyəm".

Sabiq dünya çempionu Vişvanatan Anand isə maraqlı oyun olmadığını söyləyib. Onun fikrincə, partiyanın əvvəlində səhv gedişlər edib: "Maraqlı oyun olmadı. Başlanğıcda çoxlu sayda səhvə yol verdim. Üstünlük qazana bilmirdim. Maraqlı deyil, məntiqli oynadım. Müxtəlif variantlar oynamaq imkanı var idi. Asanlıqla uduza bilərdim. Çox diqqətli olmalıydım. Rəqib yaxşı başladı, davam etdirə bilmədi. Qələbə qazanmağım məni sevindirir. Belə güclü yarışda hər partiya çox vacibdir. Ötən tur məğlubiyyətdən sonra özümə gəlmək çox önəmli idi. Fikrimcə, əsas mübarizə irəlidədir".

Tahir

Teqlər:

SON XƏBƏRLƏR