Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
ONA-nın məlumatına görə, Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Belə ki, yarışın üçüncü günündə 3 pəhləvanımız medal qarşılaşmasına çıxıb. Onlardan Hacımurad Hacıyev (74 kq) 3-cü yer uğrunda rusiyalı Timur Bijoyevlə üz-üzə gəlib. Görüş rəqibin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca Murad Süleymanov (86 kq) da bürünc medal uğrunda yarışıb. Əli Şabanovla (Belarus) güləşən idmançımız qitə çempionatını komanda yoldaşı kimi, 5-ci yerdə bitirib. Rəqibinə ciddi müqavimət göstərə bilməyən və hakim tərəfindən xəbərdarlıq alan təmsilçimiz 2:11 hesabı ilə uduzub.
Onlardan fərqli, Şərif Şərifov (92 kq) çıxışını qələbə ilə başa vurub. Dünya və Olimpiya çempionumuz final görüşündə polşalı Zbiqnev Baranovski ilə qarşılaşıb. Pəhləvanımız rəqibini 9:1 hesabı ilə məğlub etməklə, titul kolleksiyasını da tamamlayıb. O ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə çıxdığı Avropa çempionatının həlledici görüşündə ilk qızıl medalını qazanıb. Şərifov bununla da böyüklər arasında hər 3 titula sahib olan ilk güləşçimiz kimi tarixə düşür.
Qeyd edək ki, bunadək sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (65 kq) Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc mükafata sahib olub.