• İDMAN

    20:26 30 mart 2019

"ShamkirChess 2019" superturnirinin açılış mərasimi keçirilib

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin açılış mərasimi keçirilib.

ONA-nın məlumatına görə, Şəmkirdə Heydər Əliyev Mərkəzində 6-cı dəfə təşkil olunan yarışın açılış mərasimində əvvəlcə V.Həşimova həsr olunmuş videorolik göstərilib.

Tədbirdə çıxış edən rayonun icra başçısı Alimpaşa Məmmədov bildirib ki, ildən-ilə bu tədbirin yüksək səviyyədə təşkili dünya şahmat ictimaiyyətinin marağına səbəb olub. O, superturnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulayıb. Sonda A.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların "ShamkirChess"ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırıb: "Çox şadıq ki, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmişik. Ölkəmizdə hələ ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 70-dək şahmat məktəbi tikilib. Ümidvaram ki, bu turnir Azərbaycanda xüsusən uşaqların şahmata cəlb olunmasına böyük dəstək olacaq. Yarışa dəstək olan bütün qurumlara minnətdarlığımı bildirirəm. Şahmatçılara isə uğurlar arzulayıram".

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin prezidenti Rövnəq Abdullayev adından yarış iştirakçılarını salamlayıb. O, "ShamkirChess"in 6-cı dəfə təşkilini ölkədə şahmata göstərilən diqqətin nümunəsi adlandırıb.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq bu superturnirin ənənəvi təşkili üçün heç bir tərəddüdlərin qalmadığını vurğulayıb. O, belə mötəbər yarışın keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Q.Həşimov bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırıb və bütün təşkilatçılara təşəkkürünü çatdırıb: "Vüqar haqda qısa filmə baxandan və burada toplaşanları görəndən sonra mənə danışmaq çətin olur. Burada dünyanın ən məşhur şahmatçılarının iştirakı oğlumun dünyada qazandığı hörmətin göstəricisidir. Demirəm ki, bu turnir ənənəvi olsun. Çünki artıq ənənəvidir".

"ShamkirChess"in Təşkilat Komitəsinin sədri, Azərbaycan Şahmat Federasiyasının, eyni zamanda FİDE-nin vitse-prezidenti Mahir Məmmədov yenə turnirə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb və bunu sevindirici hal adlandırıb: "Azərbaycanda şahmata münasibət tam fərqlidir. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız 3 dəfə Avropa çempionu oldu. Buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdaram".

M.Məmmədov turnirdə FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov "ShamkirChess"də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz "ShamkirChess"də topladığını açıqlayıb.
Daha sonra yarışın püşkü atılıb.

Qeyd edək ki, XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, "ShamkirChess"in üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FİDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında “ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.

XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR