Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində V turun oyunları yekunlaşıb.
ONA-nın məlumatına görə, Azərbaycan millisinin şahmatçıları bu dəfə də lövhədən heç-heçə ilə ayrılıblar.
Belə ki, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş tərəflərin 0,5 xal qazanması ilə başa çatıb.
Teymur Rəcəbov isə 5-ci görüşündə 5-ci dəfə "sülh" bağlayıb. Bu dəfə rusiyalı Sergey Karyakin təmsilçimizlə heç-heçə oynayıb.
Beləliklə, V turdan sonra Karlsen vahid liderdir. Yarışda sabah istirahət günüdür.
V tur
Maqnus Karlsen (Norveç, 2845) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 0,5:0,5
David Navara (Çexiya, 2739) - Dinq Liren (Çin, 2812) - 1:0
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Sergey Karyakin (Rusiya, 2753) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2779) - Aniş Giri (Hollandiya, 2797) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2771) - Veselin Topalov (Bolqarıstan, 2740) - 1:0
Turnir cədvəli: Karlsen - 3,5 xal, Karyakin, Anand - hər ikisi 3, Liren, Rəcəbov, Navara, Qrişuk - 2,5, Topalov, Məmmədyarov - 2, Giri - 1,5.
Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.