• İDMAN

    21:46 8 aprel 2019

"ShamkirChess2019": Çempion müəyyənləşib, şahmatçılarımız qələbə qazana bilməyib

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirinin qalibi müəyyənləşib.

ONA-nın məlumatına görə, hazırkı dünya çempionu Maqnus Karlsen yarışın başa çatmasına 1 tur qalmış birinciliyi təmin edib.

Norveçli qrossmeyster VIII turun mərkəzi qarşılaşmasında ən yaxın izləyicisi Sergey Karyakin üzərində qələbə sayəsində əlçatmaz olub. FİDE-nin reytinq siyahısına başçılıq edən şahmatçı xallarının sayını 6-ya çatdırmaqla, növbəti pillələrdə qərarlaşan həmkarlarını 1,5 xal qabaqlayıb.

M. Karlsen bununla da Vüqar Həşimov Memorialında 4-cü dəfə çempion tituluna yiyələnib. O, bunadək 2014, 2015 və 2018-ci illərdə ən güclü olub.

Azərbaycan şahmatçılarına gəlincə, Şəhriyar Məmmədyarov yenə 0,5 xalla kifayətlənib. O, Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə 8-ci matçında 8-ci dəfə "sülh" bağlayıb. O, Vişvanatan Anandla matçda xalları yarı bölüb.

VIII tur
Sergey Karyakin (Rusiya, 2753) - Maqnus Karlsen (Norveç, 2845) - 0:1
Aleksandr Qrişuk (Rusiya, 2771) - David Navara (Çexiya, 2739) - 1:0
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Vişvanatan Anand (Hindistan, 2779) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2740) - Dinq Liren (Çin, 2812) - 0:1
Aniş Giri (Hollandiya, 2797) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 0,5:0,5

Turnir cədvəli: Karlsen - 6 xal, Karyakin, Liren, Qrişuk - hər üçü 4,5, Anand, Topalov - 4, Navara, Rəcəbov - hər ikisi 3,5, Məmmədyarov - 3, Giri - 2,5.

Qeyd edək ki, 9 turdan ibarət turnir sabah başa çatacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR