“İki günlük test yürüşlərinə əsasən müqayisə aparmaq çətindir. Biz faydalı iş gördük və bundan razı qaldıq”.
ONA-nın məlumatına görə, bunu əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin oğlu Mik Şumaxer deyib.
O, Bəhreyn Qran-prisinin test yürüşlərinə qatılmasından, ardınca Azərbaycana gələcəyindən danışıb. İlk gün “Ferrari”nin, ertəsi gün “Alfa Romeo”nu idarə edən gənc pilot hələ bir müddət “Formula-2”də mübarizə aparacağını da bildirib.
7 qat dünya çempionu Mixael Şumaxerin oğlu növbəti cəhdini Bakıda edəcəyini vurğulayıb. Onun sözlərinə görə, məqsədinə çatmağı özünəinamı artırır: “Sonra necə olacağını bilmirəm. Bakıda “Formula-2” bolidinin sükanı arxasına dönəcəyimi gözləyirəm. Bu, xüsusi trassdır. Orada ilk dəfə iştirak edəcəm. Buna yaxşı hazırlaşmalı, simulyatorda uyğunlaşmalıyam. Test zamanı əldə etdiyim biliklərdən yararlanmağa çalışacam”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də olacaq.