Türkiyə çempionatının ikinci liqasında keçirilən “Amedspor” – “Sakaryaspor” görüşündə qalmaqal yaşanıb. ONA-nın məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmadakı iki komandanın üzvləri arasında dava düşdüyündən hakim Ferhan Kestanlıoğlu hər tərəfdən iki oyunçunu qırmızı vərəqə ilə meydandan qovub.
Münaqişənin görüntüləri isə meydan sahiblərinin futbolçusu Mənsur Çaların insident zamanı yol verdiyi hərəkətləri üzə çıxarıb. O, üzqırxan ülgüclə rəqiblərini kəsməyə başlayıb.
“Amedspor” rəhbərliyi isə futbolçusunun müdafiəsinə qalxıb.
Klubun bəyanatında bunun iftira olduğu iddia edilir: “Qələbə qazana bilmədiyiniz üçün Mənsur Çalara iftira atmağa başladız. Mənsur “Amedspor”un əfsanəsidir”.
Qeyd edək ki, qarşılaşmadan sonra “Sakaryaspor”un bəzi oyunçuları aldıqları xəsarətləri nümayiş etdiriblər.