"Sonuncu dəfə 2011-ci ildə Avropa çempion olmuşdum. Həqiqətən də bu yarışda yenidən birinci olmağı çox arzulayırdım".
ONA-nın məlumatına görə, bunu üçüncü dəfə Avropa çempionu adını qazanan azərbaycanlı güləşçi Cəbrayıl Həsənov deyib.
2010 və 2011-ci illərdə qitənin ən güclüsü olan pəhləvanımız 8 illik fasilədən sonra titul həsrətinə son qoyub. 6-cı dəfə Avropa çempionatının finalına çıxmaqla, kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl Rumıniyanın paytaxtı Buxarestdə üçqat Avropa birincisi adını rəsmiləşdirib.
Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb: "Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".