• İDMAN

    10:48 9 iyul 2019

UEFA: Azərbaycan vəzifəsinin öhdəsindən çox gözəl gəldi

“Heç kim gözləmirdi ki, həlledici oyunda eyni şəhərin iki komandası olacaq. Bunun baş vermə ehtimalı minimuma bərabər idi”.

ONA-nın məlumatına görə, bunu UEFA-nın icraçı direktoru Martin Kallen deyib.

O, xarici mətbuata verdiyi müsahibəsində mayın 29-da Bakıda keçirilmiş Avropa Liqasının final oyununa toxunub. M. Kallen bildirib ki, Azərbaycan paytaxtında hər şey gözəl alınıb: “Bakı Avropa Liqasının finalının ev sahibi kimi çoxdan seçilmişdi. Azərbaycan UEFA üzvlərindən biri kimi bu vəzifəsinin öhdəsindən çox gözəl gəldi. Bəli, şəhər qitənin uzaq nöqtəsində yerləşir və ora getmək asan deyil. Biz bunu başa düşürdük. Amma eyni zamanda belə bir matçı təşkil etməyi Mərkəzi Avropadan kənarda kiməsə vermək istəyirdik. Şəhər Avropa çempionatının özünə aid olan hissəsini çox yüksək səviyyədə keçirəcək. Dekabrda finalçılar bəlli olacaq və biz düzgün bölgü apara biləcəyik”.

UEFA rəsmisi “Arsenal”ın erməni əsilli futbolçusu Henrik Mxtiryanın Bakıya gəlməməsini təşkilatı məsələyə heç bir aidiyyatı olmadığını vurğulayıb: “Heç kim ehtimal edə bilməzdi ki, Avropa Liqasının finalında “Arsenal” oynayacaq. Amma Azərbaycan təhlükəsizliklə bağlı bütün təminatları verdi. Buna görə də finalı orda keçirməməyə hansısa səbəb yox idi. Bu futbolçunun öz qərarıdır və biz buna hörmətlə yanaşırıq. UEFA siyasi məsələlərdə neytrallığını qoruyur. Buna görə də təşkilatı baxımdan Henrik Mxitaryan oyunda iştirak edə bilərdi”.

M. Kallen AVRO-2020-nin final mərhələsi zamanı A qrupunun oyunlarını qəbul edəcək Bakının İtaliya yığmasının görüşünə şahidlik etmək ehtimalına da toxunub: “Yarışın öncədən təsdiqlənən formatına görə final mərhələsinin iştirakçıları qrup oyunlarını bir-birinə yaxın iki şəhərdə keçirəcək. Eyni qrupdan iki meydan sahibi final mərhələsində çıxış etsə, hərəsi iki dəfə doğma şəhərdə, bir dəfə digər ölkədə oynayacaq. Qrupun digər komandaları isə bu iki ölkə ərazisini tərk etməyəcək. Bizim sistemə görə Bakı Roma ilə əlaqəlidir. Çox ümid edirəm ki, Azərbaycan yığması final mərhələsinə yüksələcək. Hərçənd, hazırda onların qarşısında İtaliya ilə müqayisədə daha çətin vəzifə durur. Əgər bu baş verməsə, Roberto Mançinin yetirmələri qrupdakı hər 3 oyunu Romada keçirəcək”.

Qeyd edək ki, Bakıda keçirilmiş Avropa Liqasının finalında “Arsenal” digər London təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR