• İDMAN

    13:34 29 may 2019

UEFA yeni qaydaların tətbiq olunacağı tarixi dəyişib

UEFA futbol qaydalarındakı dəyişikliklərin qüvvəyə minəcəyi tarixi açıqlayıb.

ONA-nın məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən bu ilin martında təsdiqlənən yeniliklər iyunun 25-dən UEFA bayrağı altında keçirilən bütün yarışlarda tətbiq olunacaq.

Qaydaların qüvvəyə minməsi 24 gün gec gerçəkləşəcək. Öncədən bu tarix iyunun 1-də nəzərdə tutulmuşdu.

Bu üzdən də yeni qaydalar Millətlər Liqasının final mərhələsi, AVRO-2020-nin seçmə mərhələsinin 3-cü və 4-cü turları, U-21-lərin Avropa çempionatı və Regionlar kubokunun final mərhələlərində tətbiq olunmayacaq.

Qeyd edək ki, yeni qaydalara əsasən futbolçu artıq bilməyərək topa əllə toxunduqda da cəzalanacaq. Təsadüfi toxunuşla qol vurduqda və ya qol imkanı yaratdıqda oyunçuya cəza da tətbiq ediləcək. Dəyişiklik zamanı futbolçu meydanın ona ən yaxın olan xəttindən kənara çıxacaq. Artıq oyunçular meydan boyu texniki zonaya doğru hərəkət etməyəcək. Qapıdan zərbə zamanı topun cərimə meydanını tərk etmək məcburiyyəti aradan qaldırılacaq. Yəni müdafiəçi artıq cərimə meydanı daxilində də qolkiperin qapı vuruşundan ötürmə ala biləcək.

Cərimə zərbəsi vuran komandanın üzvlərinə canlı səddə dayanmaq qadağan olunacaq. Artıq hücumda olan futbolçular rəqibin müdafiə səddindən ən azı 1 metr məsafədə dayanmalı olacaq. Bu, oyunçuların rəqibin müdafiə olunmasına əngəl törətmək cəhdlərinə son qoyacaq.

Penalti zərbəsi zamanı qapıçının bir ayağı ilə qapı xəttində dayanması mütləq olacaq. Həmçinin klub nümayəndələrinə hansı hallarda sarı və vərəqə göstərilməsi, topun hakimə dəydiyi epizodlarla bağlı yeniliklər tətbiq olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR