• İDMAN

    02:15 30 may 2019

Unay Emeri: "İkinci qoldan sonra işimiz daha da çətinləşdi" - MÜSAHİBƏ

“Çətin oyun olacağını bilirdik. Premyer Liqada hədəfimizə çatmağa daha yaxın olsaq da, 1-2 xalımız çatmadı. Çempionlar Liqası üçün ikinci imkanımız bu idi, amma yenə alınmadı. “Çelsi” bizdən daha yaxşı oynadı".

ONA-nın məlumatına görə, bunu “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı çalışdırıcı Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra mətbuat konfransı keçirib. O, "Çelsi"ya 1:4 hesabı ilə məğlub olmalarında rəqibin səhvsiz oyun nümayiş etdirməsinin səbəb göstərib: "Peter Çex ilk hissədə yaxşı “seyv” etdi. İkinci hissədə isə rəqib məqamlardan yaxşı yararlandı. Birinci qol çox önəmli idi. Bundan sonra biz səhv etdik və "Çelsi" də bundan yararlandı. İkinci qoldan sonra isə işimiz daha da çətinləşdi”.

U. Emeri daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Finalda məğlub olmaq normal haldır, amma 1:4 uduzmaq komandada müəyyən zəiflikdən xəbər verir...
- Bəli, amma onların çox yaxşı oyunçuları var. Bizim isə heyətimiz daha gəncdir. Hələ ki, dəyişiklik prosesi yaşayırıq. Bu il istəyimizə çata bilmədik, amma hesab edirəm ki, hədəfə yaxınıq. Bir az da artırıb istədiyimizə nail ola biləcəyik. Məyusuq, amma ümumiyyətlə, hesab edirəm ki, biz daha yaxşı komanda yarada bilmişik.

- Bu, sizin ÇL-ə vəsiqə qazanmaq şansınız idi, amma əldən çıxdı. Belə nəticə sizin gələcək planlarınıza, transferlərə təsir edəcəkmi?
- “Arsenal” böyük klubdur və bir çox oyunçu bizimlə olmaq istəyir. Biz güclü olmalıyıq, ideyalarımıza sadiq qalmalıyıq. Düşünürəm ki, növbəti ildə işimizi davam etdirə biləcəyik. Klub lazım olan bütün işləri görür. Biz də çalışacağıq ki, öz yanaşmamızı təqdim edək. Gənc oyunçularımızın bəziləri ilk dəfə finalda oynayırdı. Onlar üçün də yaxşı təcrübə oldu.

- Bu komandada yayda bir çox dəyişikliklər olacaqmı?
- Hesab edirəm ki, bu haqda danışmaq hələ tezdir. Biz bəzi analizlər, təhlillər aparmalıyıq. Rəhbərliklə danışmalıyıq. Hazırda bunun üçün düzgün vaxt deyil.

- Sizin fikrinizcə, komandada əsas nə dəyişməlidir?
- Düşünürəm ki, bizdə çox yaxşı gənc və təcrübəli oyunçular var. Eyni oyunçularla, ola bilsin ki, bəzi əlavələrlə davam edəcəyik.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR