“Uotford”un qapıçısı: “İngiltərə kubokunun finalında oynamaqdan imtina edəcəyəm”
  • İDMAN

  • 21:31 08 Aprel 2019

“Uotford”un qapıçısı: “İngiltərə kubokunun finalında oynamaqdan imtina edəcəyəm”

İngiltərənin “Uotford” klubunun əsas qapıçısı Ben Foster ölkə kubokunun final oyununda meydana çıxmaqdan imtina edir.

ONA-nın məlumatına görə, qolkiper mayın 18-də “Uembli” stadionunda “Mançester Siti”yə qarşı görüşdə həmkarı Eurelio Qomesin oynamalı olduğunu qənaətindədir.

B.Foster “Vulverhempton”la keçirilən yarımfinal oyunundakı 3:2 hesablı qələbədən sonra bu fikrə düşüb: “İngiltərə kubokunun finalında oynamaq üçün məni seçsələr hansı addım atacağam? Tam dəqiq deyirəm ki, bundan imtina edəcəyəm. Bu haqqı Qomes qazanıb. Şübhəsiz ki, o da oynamalıdır. O, heç vaxt klubu çətin vəziyyətdə qoymayıb və qoymaz. Eurelio “Vulverhempton”a qarşı fantastik oyun keçirdi”.

B.Fosterin belə qərar verməsi onunla bağlıdır ki, “Uotford”un kubokda keçirdiyi 5 oyunun hamısında çərçivəni əvəz olunmadan E.Qomes qoruyub və üç top buraxıb. 38 yaşlı braziliyalı qapıçı Premyer Liqada cari mövsüm bir matçda da iştirak etməyib, 32 görüşdə ehtiyatda qalıb.

Cənubi amerikalı 2014-cü ilin yayında “Uotford”a azad agent kimi keçib.

Qeyd edək ki, indiyədək İngiltərə kubokunu qazanmayan “Uotford” tarixində ikinci dəfə finala yüksəlib. 121 yaşlı klub 35 il əvvəl – 1983/84 mövsümündə həlledici matçda “Everton” səddinə ilişib – 0:2.

Vüqar Xeyrullayev

Teqlər: İngiltərə kuboku final

OXŞAR XƏBƏRLƏR