"Bakıda olmaq bizim üçün xoşdur, gözəl qarşılandıq. Sabahkı oyuna ciddi yanaşırıq. Yoldaşlıq görüşü olması fikrimizi dəyişmir".
ONA-nın məlumatına görə, bunu Litva yığmasının baş məşqçisi Valdas Urbonas deyib.
Litvalılar sabah yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"nın konfrans zalında təşkil olunan mətbuat konfransında 52 yaşlı mütəxəssis jurnalistlər önünə çıxıb. O, öncə görüşlə bağlı fikirlərini açıqlayıb: "Hər iki komanda seçmə mərhələnin ilk oyununda məğlub olub. Eyni situasiya yaranıb. Müsbət nəticəyə ümid edirik. Öz oyunumuzu təhlil etmişik. Azərbaycan yığmasının Xorvatiya ilə oyununu izləmişəm. Yaxşı təşkilatlanmış komandadır. Rəqibimizin Millətlər Liqasındakı çıxışını da izləmişdim. Məşqçi korpusundakı dəyişiklikdən sonra tez uyğunlaşdıqları görünür. Futbolçular ayrı-ayrılıqda keyfiyyətlidir".
O bildirib ki, ilk turda Lüksemburqa məğlub olmaları heç nəyi dəyişmir: "İndi dünyada bütün komandalar futbol oynamağı bacarır. Lüksemburqu zəif komanda saymıram. İndi rəqabət böyükdür. Əlbəttə, siz dünya çempionatının vitse-çempionu Xorvatiya ilə qarşılaşmışdınız. Bu gün yalnız dünya çempionu ilə oynasaydıq, özümü rahat hiss edərdim. Xorvatiya ilə duelinizə gəlincə, komandanı ümumilikdə fərqləndirərdim. Yaxşı təşkilatlanmış futbol oynadınız. Azərbaycan müdafiədə çox yaxşı idi. İndividual cəhətdən mübarizə aparmaq çətin olsa da, yaxşı oynadılar. Qol vuran futbolçu müəyyən mənada fərqlənə bilər".
Qeyd edək ki, Azərbaycan - Litva oyunu saat 18:00-da başlayacaq.
Foto - Ehtiram Cəbiyev