Bu gün açıqlanan Azərbaycan milli komandasının heyəti böyük təəccüblə qarşılanıb. ONA-nın məlumatına görə, yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə martın 21-də, Litva ilə 24-də keçiriləcək qarşılaşmalara çağırdığı “23-lük”də sürpriz addımlar atıb.
Xorvat mütəxəssis əvvəlki qarşılaşmalarla müqayisədə ciddi, nəzərəçarpan islahatlara əl atıb.
Kamran Ağayev və “Qəbələ” diqqətdən kənarda
Baş məşqçi millinin “1 nömrə”si, kapitanı, həm də yığma karyerasını davam etdirənlər arasında ən çox oyun keçirən Kamran Ağayevdən imtina edib. Ümumiyyətlə, Yurçeviç “Keşlə”dən heç bir oyunçuya ehtiyac duymayıb. Paytaxt təmsilçisi kimi daim milliyə oyunçu verən “Qəbələ” də mütəxəssisin diqqətindən kənarda qalıb. Düzdür, “Zirə” də komandada təmsil olunmayıb. Lakin qəsəbə klubu milliyə nadir hallarda futbolçu verib.
Autsayderin legionerlərinə rəğbət
N.Yurçeviç “Qəbələ” və “Keşlə”nin futbolçularına biganə münasibətini turnir cədvəlindəki mövqeləri ilə əsaslandıra bilər. Sonuncular 7-ci, əyalət klubu isə 4-cü sırada qərarlaşıb. Amma komandaların mövqeyi əsas götürülsəydi, Topaz Premyer Liqasının autsayderi “Sumqayıt”ın üzvlərinə dəvət göndərilməzdi.
Özü də çempionatın ən zəif komandasından özünü yaxşı tərəfdən göstərən təcrübəlilər deyil, debütantlar yığmaya dəvət alıb. Həm də Əli Babayevlə Aleksey İsayev milliləşdirilib. Müvafiq olaraq, İsrail və Rusiyadan ölkəmizə gələn əcnəbilər Azərbaycan pasportu ilə milliyə cəlb edilib.
Eddi qayıtdı, 6 futbolçu debüt gözləyir
Debütantlardan söz düşmüşkən, qarşıdakı iki görüş 6 futbolçunun ilk dəfə milli forması geyinməsi ilə nəticələnə bilər. “Sumqayıt”lılar kimi, “Neftçi”nin üzvü Ömər Buludov və əvvəllər komandaya çağırılan, amma şans qazanmayan Anton Krivotsyuk, Şahrudin Məhəmmədəliyev və Emil Balayev də hələlik yığmada debüt etməyib. Eddi İsrafilov isə iki ilə yaxın fasilədən sonra millinin heyətində yer alacaq.
Debütantların gəlişi ilə Kamran Ağayevlə yanaşı, son toplanışın iştirakçılarından Cavid İmamverdiyev, Rahid Əmirquliyev, Tural Axundov, Şəhriyar Əliyev, Urfan Abbasov, Əfran İsmayılov, Ruslan Qurbanov kənarda qalıblar. Zədəli Pavel Paşayev, həmçinin Rauf Əliyevin də diqqətdən kənarda qalması qeyd olunmalıdır.
Qara Qarayev yubileyi gözləyir
Kamranın yoxluğunda millinin indiki heyətində rekordçu Maksim Medvedevdir. O, millidə 54 matç keçirib. 2-ci sırada olan Qara Qarayev isə 50-ci – yubiley qarşılaşmasını Litvaya qarşı keçirə bilər. Bunun üçün yarımmüdafiəçi hər iki görüşdə şans qazanmalıdır.
futbolçu |
oyun |
Qol |
Maksim Medvedev |
54 |
3 |
Qara Qarayev |
48 |
0 |
Bədavi Hüseynov |
41 |
0 |
Dmitri Nazarov |
37 |
8 |
Araz Abdullayev |
31 |
3 |
Rüfət Dadaşov |
20 |
4 |
Ramil Şeydayev |
16 |
1 |
Namiq Ələsgərov |
15 |
0 |
Riçard Almeyda |
14 |
3 |
Səlahət Ağayev |
14 |
-12 |
Mahir Mədətov |
13 |
2 |
Təmkin Xəlilzadə |
10 |
1 |
Emin Mahmudov |
9 |
1 |
Eddi İsrafilov |
8 |
0 |
Rahil Məmmədov |
7 |
0 |
Mirabdulla Abbasov |
2 |
0 |
Şəhriyar Rəhimov |
1 |
0 |
Aleksey İsayev |
0 |
0 |
Anton Krivotsyuk |
0 |
0 |
Əli Babayev |
0 |
0 |
Emil Balayev |
0 |
0 |
Ömər Buludov |
0 |
0 |
Şahrudin Məhəmmədliyev |
0 |
0 |