• İDMAN

    09:42 29 mart 2019

Yakub Jezniçak: “Qarabağ”da qazancım “Legiya”dakından azdır” - MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibə verib. ONA-nın məlumatına görə, polşalı müdafiəçi ölkəmizdəki çıxışı, həmçinin gələcək karyerası barədə danışıb.

- Siz Varşavaya tez-tez gəlirsiz. Məgər Polşaya yol qət etmək belə asandır?
- Bunu asan adlandırmazdım. Çünki Bakıdan birbaşa reys yoxdur. Vətənə qayıtmaq səkkiz saata yaxın vaxt aparır. Bu da çox yorucudur. Amma mövsümdə 2-3 dəfə Varşavada olmağa çalışıram. İndi də fasilə yarandığından Polşaya birgünlük gəlmişdim. Əməkdaşlıq etdiyim “Puma”nın yeni dəstlərinin təqdimatında iştirak etdim. Dostlarımla da görüşdüm ki, bunların hamısı da çox xoşdur.

- “Legiya”da baş verənlərdən xəbəriniz var. Sizə elə gəlmir ki, bir az sabitlik lazımdır?
- Bəli, “Legiya”ya sabitlik lazımdır. Hər altı aydan bir 6-7 oyunçu dəyişməklə deyil. Bunu oynadığım “Qarabağ”da görürəm. Komandada çox az dəyişiklik olur. Yarım ildə 1-2 dəyişiklik edilir. Bu sabitlik sayəsində komanda hər il avrokubokların qrupunda oynayır. Futbolçular da bir-birini yaxşı tanıyır, hərəkətlərdə avtomatiklik olur. Biz hansı oyunçunun hansı vəziyyətdə necə hərəkət edəcəyini bilirik. Bu da komandaya kömək edir. Hər yarım ildən bir heyəti dəyişsək, bir-birimizi belə anlamarıq.

- Azərbaycan çempionatı bizim üçün ekzotik sayılır. Ora gedəndə tərəddüdünüz vardı?
- Bəli, karyeramda ilk dəfə legioner həyatı yaşadığımı da nəzərə alsaq, qeyri-müəyyənliyə getdiyimdən ehtiyatlanırdım. Amma mən vaxtilə Polşada “Yagelloniya”da oynamış, indiyədək “Qarabağ”ın formasını geyinən Dani Kintanadan müəyyən məlumatlar aldım. O, möhtəşəm şeylər danışdı. Mən də gedəndə xoş mənada təəccübləndim. 2004-cü ildə U-21-in üzvü kimi Azərbaycanda olmuşdum. Gördüklərim məndə xoş təəssürat yaratdı. Şəhər inkişaf edir. Yoldaşımla Bakıda sakit və yaxşı yaşayırıq. Biz Çempionlar Liqasında da oynamışıq. Ora getdiyimə peşman olduğumu desəm, yalançı olaram.

- Daha güclü qərb liqalarında oynamağı xəyal edirsizmi? Məsələn, Bundesliqada...
- Almaniya liqası mənim üçün həddən artıq yüksəkdir. Həm də mən o yaşda deyiləm. Mənim kimi oyunçular daha çox şərqə baxmalıdır. Amma gənc futbolçulara qərb liqalarına üz tutmağı məsləhət görürəm. Bu, inkişaf, karyera üçün daha yaxşıdır.

- Azərbaycan futbolunun maliyyə durumu Polşa liqasından yüksəkdir?
- Ən yaxşı futbolçular Polşadan çox qazanır. Mənə gəlincə, “Qarabağ”da qazancım “Legiya”dakından azdır.

- Əvəzində Çempionlar Liqasının qrupunda oynadız...
- Azərbaycan klubu tarixdə ilk dəfə bunu bacardı. “Çelsi”, “Atletiko”, “Roma” ilə oynadıq. Cəmi iki xal yığsaq da, həmin çıxışı yaxşı xatırlayırıq. Rəqiblərimizin kimliyini nəzərə alsaq, nəticəmiz yaxşı idi.

- Yəqin bu görüşləri unutmayacaqsınız?
- Antuan Qrizmann, Eden Azar... Bu il isə Aleksandr Lakazett, Pyer Emeix Obameyanq kimi oyunçularla meydanda üz-üzə gəldim. “Atletiko” ilə iki dəfə heç-heçə etdik. “Arsenal”la daha pis oldu – 0:3, 0:1. Amma mübarizə apardıq. Buna görə utanmırıq.

- Azərbaycan çempionatında həmyerlilərinizin cığırı ilə gedirsiz...
- Məndən öncə Marçin Burkhardt, qapıçı David Petrzkeviç orda oynayıb. Lakin indi mən yeganə polşalıyam. Amma Polşada çıxış etmiş Donald Gerye, Simeon Slavçev, Dani Kintana kimi futbolçular da Azərbaycan klublarındadır.

- Hər hansı məişət problemləriniz varmı?
- Mən buna adət etmişəm. Düzdür, orada islam dini üstünlük təşkil edir. Amma bunu şəhərin küçələrində hiss etməzsən. Biz narahat idik ki, yoldaşım şəhərdə üzüaçıq gəzə bilməz. Amma gördük ki, əhali radikal deyil. Bakıda heç bir məişət çətinliyimiz yoxdur.

- Azərbaycanlılarla hansı dildə danışırsız?
- Azərbaycan dili ilə yanaşı, rus dili də üstünlük təşkil edir. Komandamızın yarıdan çox ingiliscə danışır. Mənə orda asandır. Rusca 90 faiz başa düşürəm. Amma özüm danışmaqla bağı çəkinirəm. Polşa dili ilə qarışdırmaqdan qorxuram.

- Polşaya, “Legiya”ya qayıtmaq fikriniz yoxdur?
- Təklif gəlsə, fikirləşərəm. Xahiş etməyi xoşlamıram. Mövsümün sonunadək “Qarabağ”la müqaviləm var. Anlaşmanı uzatmaqla bağlı təklif gəlib-gəlməyəcəyini bilmirəm. Futbolçu həyatında hər günün öz hökmü var. Bəlkə də Polşaya qayıtdım. “Legiya” isə hələ ürəyimdədir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR