• İDMAN

    20:24 14 sentyabr 2019

Yana Batırşina: "Azərbaycanlı gimnastlar böyük uğurlara imza atacaqlar" - FOTO

“Yaradılan şərait, yeniyetmə idmançıların bacarıqlı çıxışları məni məmnun etdi. İstəkli görünürlər, daha yaxşı mübarizə aparmağa çalışırlar".

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bunu rusiyalı məşhur gimnast Yana Batırşina deyib.

Beşqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, 16-22 sentyabr tarixində Bakıda olacaq mundialın səfiri təşviqat və təbliğat üçün hazırlanan xüsusi proqramlarda iştirakını davam etdirir. Karyerasını bitirmiş idmançı bu dəfə Mingəçevirdə "Kür" Olimpiya İdman Tədris Mərkəzində fəaliyyət göstərən gimnastika bölməsində qonaq olub. Səfir bildirib ki, Azərbaycanda gimnastikaya göstərilən xüsusi diqqət uğurlu gələcəyə hesablanıb: "Yeniyetmələrin bu potensialı perspektiv vəd edir. Əlbəttə ki, hələ yaşları azdır və üzərilərində daha çox çalışmalıdırlar. Xüsusi ilə də məşqçilərin əməyi ilə yanaşı, yeniyetmə gimnastların xoreoqrafiya hazırlıqlarına diqqəti artırmaq lazımdır. Çünki gimnast üçün xoreoqrafiya vacib məsələdir. İnanıram ki, gələcəkdə bu yerli idmançılar böyük uğurlara imza atacaqlar”.

Y. Batırşina "Kür" Olimpiya İdman Tədris Mərkəzində hərtərəfli şəraitdən məmnun olduğunu deyib: “Bilirəm ki, iki il öncə bu idman kompleksində gimnastika üzrə Azərbaycan birinciliyi keçirilib, I Avropa Oyunlarında avarçəkmə yarışları baş tutub. Tanış olduğum zaman bir daha əmin oldum ki, burada idmançının yetişməsi və müxtəlif səviyyəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var”.

Görüş zamanı Y. Batırşinaya bölmənin 97 yetirməsi barədə, onların hazırlıq səviyyəsi məlumat verilib. Tanınmış gimnast yeniyetmə idmançıların nümunəvi çıxışlarını izləyib, onlara müvafiq tövsiyələrini çatdırıb.

Sonda rəsmi qonaq gimnastlara xatirə hədiyyələri təqdim edib.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR