“Əvvəl buna inana bilmirdim. Mənim üçün bu çox böyük şərəf və hədiyyədir”. ONA-nın məlumatına görə, bunu Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında səfir funksiyasını yerinə yetirəcək məşhur rusiyalı idmançı Yana Batırşina deyib.
Beşqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı sentyabrın 16-22-də paytaxtımızda olacaq mundialın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Onun bu proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.
Karyerasını bitirmiş idmançı bildirib ki, ona belə təklifin gəlməsi sürpriz olub: “Hətta bir neçə dəfə təkrar soruşdum ki, siz əminsizmi, həqiqətən bu mən olmalıyam? Məni Rusiya və ya doğma şəhərim Daşkənddən çağırsaydılar, başa düşərdim. Bakıda məni xatırladıqlarını bilirəm. Bu da xoşdur. Amma dünyada o qədər möhtəşəm, hətta karyerasını yeni başa vuran gimnastlar var ki... Mən isə 20 il öncə idmandan getmişəm. Bakıda çıxış edəcək qızların çoxu mən karyeramı bitirdikdən sonra doğulublar. Bunun cavabında Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva mənə bildirdi ki, yaxşı gimnastlar çoxdur, lakin yaxşı insanlar azdır. Bizim üçün də bu önəmlidir”.
Y. Batırşina “moscow-baku.ru”ya müsahibəsində Bakıya gələcəyi tarixi də açıqlayıb: “Apreldə ailəmlə bir neçə həftəlik Bakıya gələcəm. Çünki məni Dünya Kubokunun mərhələsinə dəvət ediblər. Burda mənim rəsmi təqdimatım olacaq. Həmçinin missiyamı daha ətraflı müzakirə etmək imkanım yaranıb. Mən dərhal demişəm ki, hər şeyə razıyam və hazıram”.
Məşhur gimnast ölkəmizdə idmanın bu növünə olan diqqət və qayğıdan da danışıb. O qeyd edib ki, son 2 ildə Beynəlxalq Gimnastika Federasiya tərəfindən ilin ən yaxşısı seçilən Azərbaycan Gimnastika Federasiyası bunu haqq edib: “Dünyanın ən yaxşısı seçilən Azərbaycan Gimnastika Federasiyası bu ada tam layiqdir. Çünki Rusiya və Azərbaycan digərlərindən çox fərqlənirlər. Onlar dünyada xüsusi yer tuturlar. Bir müddət əvvəl Moskva və Kazandakı kimi gimnastika mərkəzləri, məşq üçün şərait heç bir ölkədə yox idi. İndi Bakıda belə Milli Gimnastika Arenası var. Məni arenanın zalları ilə tanış etdilər. Sözlə ifadə olunası deyil. Məni təəccübləndirmək çətindir, amma Bakıda ağzım açıq qaldı. Əgər əvvəl Azərbaycan gimnastları Novoqorskda məşq edib, demək olar ki, orda yaşayırdılarsa, indi buna ehtiyac yoxdur. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın dəstəyi, bu idman növünün ölkə prezidenti, dövlət səviyyəsində qayğı görməsi çox şey deməkdir. Bu da çox şey gətirir. Diqqət yetirin ki, bu il həm dünya çempionatı, həm Avropa çempionatı, həm də Dünya Kubokunun mərhələsi Azərbaycanda keçiriləcək. Bakı demək olar ki, Beynəlxalq Gimnastikası Federasiyasını çətin vəziyyətdən çıxarıb. Çünki qitə birinciliyini keçirməli olan ölkə bu işin öhdəsindən gəlməyərək, imtina edib. Bakıdakı bütün yarışlar möhtəşəm keçir. Amma məni burada gimnastikanın necə sevilməsi təsirləndirdi. Hər yarışda dolu tribunlar olur. Bu sevgi Azərbaycan gimnastlarının uğurları sayəsində yaranıb. Çünki nəticə olmasa nə maraq, nə populyarlıq olar”.