“İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq”.
ONA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib.
Braziliyalı mütəxəssis Latviya ilə Liepaya şəhərində keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında 3:1 hesablı qələbəyə şərh verib: “Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq. Düzdür, hesabı Latviya millisi açdı. Həmin epizodda müdafiədə sadə səhvə yol verdik və onlar qol vurdu. Ancaq rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil. Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik”.
Joze Alesio fasilədən sonra oyunun axarının dəyişdiyini vurğulayıb: “İkinci hissədə müəyyən qədər qopmalar oldu. Üstünlüyü rəqibə verdik. Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxtı nəzarətim altında oynamaması ilə və daha çox futzalçıya şans verməklə bağlayıram. Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq. Ümumi götürdükdə, oyundan razı qaldım. Səhv etməymizə və ikinci hissədə nisbətən zəif çıxışımıza millinin xeyli vaxtdır bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.