"Zədələrimin olması vaxtında milli komanda ilə məşqlərə qoşulmama mane oldu. Hazırlığa başladığım gündən çalışıram ki, oyunlarda yaxşı çıxış edim".
ONA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Anastasia Qurbanova deyib.
Təcrübəli hücumçu yığmamızın Qızıl Avropa Liqasının III turu çərçivəsində qəbul edəcəkləri Finlandiya ilə matçı dəyərləndirib. O bildirib ki, iyunun 2-də baş tutacaq görüşdə özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar: "Belarusla oyundan sonra mən də millinin düşərgəsinə qoşulmuşam. İspanlarla qarşılaşmada isə əsas heyətdə çıxış etdim. Düzdür, ispanlarla gözlədiyimiz oyun alınmadı. Biz gücümüzü göstərə bilmədik. Qızıl Avropa Liqasında oyunlarımız davam edir. Növbəti oyunumuz Finlandiya komandası ilə olacaq. Çalışacağıq ki, bu görüşdə daha yaxşı oynayaq".
A. Qurbanovanın sözlərini görə, komanda hələ yeni baş məşqçi Covanni Kapraranın sisteminə uyğunlaşır: "Yeni çalışdırıcı ilə hazırlıqlara davam edirik, hər bir məşqdə texniki və taktiki yeniliklər öyrənirik. Ən əsası komanda şəklində hər birimiz yaxşı məşq edir və çalışırıq ki, Covanni Kapraranın bütün tapşırıqlarını düzgün yerinə yetirək".