İspaniya “Real”ının baş məşqçisi Zinəddin Zidanın La Liqa təmsilçisinə qayıdışının səbəbləri bəlli olub. ONA-nın məlumatına görə, Madrid klubu ilə İtaliya “Yuventus”u arasında seçim etməli olan fransalı mütəxəssis 10 aydan sonra İspaniyaya qayıtmağa üstünlük verib.
Düzdür, 47 yaşlı çalışdırıcının xidmətində daha iki nəhəng klub - Fransanın PSJ və İngiltərənin “Çelsi” komandaları maraqlı idi. Lakin Zidan əsasən Madrid və Turindən olan təklifləri götür-qoy edib.
Futbolçu kimi hər iki komandada əfsanə sayılan fransalının son anadək “Yuventus”u seçəcəyi daha inandırıcı sayılırdı. Amma mütəxəssis 2016-18-ci illərdə rəhbərlik etdiyi “Real”ın “sükanı arxası”na qayıdıb.
Onun üstünlüyü “Kral klubu”na verməsinin səbəbləri rəsmən açıqlanmasa da, bunu təklif olunan şərtlər arasındakı fərqin böyüklüyü ilə izah etmək çətin deyil. Təkcə illik maaşda ikiqat fərqin olması seçimdə az rol oynamayıb. Zidan 2022-ci ilin yayına qədər çalışdıracağı “Real”da ilə 16 milyon avro qazanacaq. “Yuventus” isə ona bunun yalnız yarısını təklif edib.
Bundan başqa, Madrid təmsilçisi yay transferlərinə 300 milyon funt sterlinqdən artıq ayıracaq. Ötən yay Kriştianu Ronaldonu 112 milyon avroya transfer edən İtaliya klubunun mövsümlərarası fasilədə yenidən böyük xərclərə razı olmayacağını ehtimal etmək də çətin deyil. “Real”da isə Nqolo Kante, Eden Azar, Killian Mbappe, Mauro İkardi, Neymar kimi ulduzların transferi gündəmdədir.
Üstəlik, ispaniyalılar Zidana istənilən futbolçunu komandadan göndərmək səlahiyyətləri verib. Fransalının heyətdə “təmizləmə” işlərinə klub rəsmiləri mane olmayacaqlar. İtaliyada isə transfer məsələləri ilə - həm alqı, həm satqı ilə baş məşqçilərdən daha çox idman direktorları məşğul olurlar. Bu isə o deməkdir ki, Zidanın “Real”dakı sərbəstliyi “Yuventus”da olmayacaqdı.
Zidan seçimindəki önəmli amillərdən birini də özü açıqlayıb. O bildirib ki, klub prezidenti Florentino Peresə “yox” deməsi mümkünsüz olub. Onun sözlərinə görə klubun və futbolçuların hansı durumda olduğunu bilməsi də seçimində rol oynayıb.
Təbii ki, tərəflərdən heç birinin açıqlamadığı bir məqam da Zidanın seçiminə təsir edib. Məsələ ondadır ki, mütəxəssis böhranda olan “Real”ı bu durumdan çıxarmaq üçün müəyyən vaxt alacaq və hətta bu yolda bəzi uğursuzluq limitinə də malik olacaq. Ardıcıl çempionluqları sıralayan, Kriştianu Ronaldonun transferindən sonra əsas hədəfi Çempionlar Liqasını qazanmaq olan “Yuventus”da isə əfsanədən dərhal böyük qələbələr gözləniləcəkdi.