• MƏDƏNİYYƏT

    10:23 17 aprel 2019

Əlyazmalar İnstitutu Piri Rəisin kitabını rus dilinə çevirib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.

ONA xəbər verir ki, əsəri qədim osmanlı dilindən rus dilinə Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib.

Kitabın tərtibatı və ön sözü T.Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

1521-ci ildə yazılmış “Kitabi Bəhriyyə” Piri Rəisin dənizçilik fəaliyyəti boyu gəzdiyi, gördüyü yerləri təsvir edən qeydlərindən ibarətdir. Həm də savadlı xəritəçi olan Piri Rəis gördüyü yerlərin xəritələrini tərtib edib. Həmin xəritələr kitaba əlavə olunub.

“Kitabi Bəhriyyə”nin bir hissəsi nəzmlə yazılıb. 972 beytdən ibarət olan bu hissə 23 qismə bölünür. Burada dənizçilərə edilən tövsiyələr, təbiət hadisələri, xəritələr, adalar, dənizlər, Atlantik okeanı, Amerikanın kəşfi və s. haqqında məlumatlar yer alır. Dəyərli məlumatların içində maraqlı bir fakt nəzərə çarpır. Belə ki, yeddi dənizin adını çəkən Piri Rəis sonuncu dənizi “Bəhri Külzüm” adlandırır. Heç bir okeana çıxışı olmayan bu dənizdən bəhs edən çoğrafiyaçının Xəzər dənizini nəzərdə tutduğu ehtimal oluna bilər.

Kitabın yerdə qalan və böyük hissəsi nəsr şəklində yazılıb. 209 fəsildən ibarət bu hissədə Aralıq Dənizi və Egey dənizi sahilləri haqqında, eləcə də bu dənizlərə aid adaların, limanların, qayaların və s. ətraflı təsvirləri verilir.

Kitabın nəzmlə yazılmış hissəsi hərfi tərcümə olunub.

“Kitabi Bəhriyyə” tarixçilər, coğrafiyaçılar və dənizçilər üçün qiymətli mənbə hesab olunur. Bu kitab eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR