ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Arizona ştatının paytaxtı Finiks şəhərində sərgi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Arizona ştatının Kapitoli (Nümayəndələr Palatası) binası önündə – açıq səma altında gerçəkləşdirilən sərgidə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımını, Azərbaycan və Türkiyə ərazilərində həyata keçirdikləri digər soyqırım və terror aktlarını, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin bombardman edilməsini əks etdirən fotomateriallar və kitablar nümayiş etdirilib.
TASFO-nun rəhbəri Fatih Öznür sərgi ilə maraqlanan şəxslərə erməni terrorizmi, ermənilərin törətdikləri dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verib.