• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    09:58 1 mart 2019

ABŞ-da konqresmenlər Xocalı faciəsini müzakirə ediblər

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. ONA-nın ABŞ bürosunun verdiyi məlumata görə, tədbirə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icması və digər icmaların nümayəndələri iştirak edib. Tədbirdə xüsusi qonaq qismində hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov qatılıb.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun Azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Səfir soyqırım cinayətinin bir başa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın hazırda Ermənistan Respublikasında öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirmiş və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib.

Tədbirə qatılan Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar çıxış edərək Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycanlıların kədərini bölüşdüyünü bildirib.

Daha sonra Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun yeni respublikaçı həmsədri Ohayo ştatını təmsil edən Stiv Şəbot çıxış edib. Konqres üzvü 27-ci il öncə Sovet qoşunlarının köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadın, uşaq və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin ildönümündə Azərbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib.

Sonda həmçinin Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR