ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor Azərbaycanla Ermənistan arasındakı son gərginliyə münasibət bildirib.
APA-nın xəbərinə görə, Ceyms Gilmor ABŞ Dövlət Departamentinin həm Ermənistanı, həm də Azərbaycanı hərbi əməliyyatlar başlamazdan əvvəl daşıdıqları mövqeyə qayıtma çağırışını vurğulayıb.
Beynəlxalq ictimaiyyətin çağırışlarını xatırladan ABŞ diplomatı hər iki tərəfin dərhal danışıqlar masasına dönmələrinin vacibliyini qeyd edib. Hər iki tərəfdən olan insan tələfatından kədərləndiyini qeyd edən ABŞ səfiri həm Ermənistanı, həm də Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.
O qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasındakı roluna sadiqdir. Ceyms Gilmor münaqişənin sülh və danışıqlar yolu ilə həllinə alternativin olmaması ilə bağlı ATƏT-in Minsk Qrupunun bəyanatını dəstəklədiyini vurğulayıb.
ABŞ səfiri dinc həllinin tapılması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və Fransanın təşkilatdakı səfirləri ilə sıx təmasda olduğunu qeyd edib.
"ABŞ ATƏT-in iki ölkə arasındakı qarşıdurmanın sabitləşməsində oynadığı rolu dəstəkləməyə davam edir və ATƏT-i iki tərəf arasında vasitəçilik və sülhün bərpasında mühüm rol oynayan təşkilat kimi görürür", o deyib.