ABŞ rəsmiləri Türkiyədən Rusiyanın "S-400" raket əleyhinə müdafiə sistemlərini almaqdan imtina etməsi üçün bir sıra variantlar təklif edib.
APA-nın TASS-a istinadən verdiyi məlumat görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik və Əməkdaşlıq İdarəsinin rəisi, general-leytenant Çarlz Xuper Brukinqs İnstitutunda çıxışı zamanı bildirib: "Biz Türkiyə hökumətinin “S-400” əldə etməsinin nəticələrini aydınlaşdırdıq. Eyni zamanda Türkiyənin bu addımdan imtina etməsi üçün bir sıra variantlar ortaya qoyduq. Nə demək olar, indi Türkiyə tərəfinin qəbul edəcəyi qərarı gözləyirik”.
Qeyd edək ki, ABŞ ötən günlərdə Türkiyəni “S-400”dən imtina etməyə çağırmışdı. Vaşinqton Ankaraya xəbərdarlıq etmişdi ki, bu silah sistemləri alınarsa, ABŞ “F-35”lərin Türkiyəyə tədarükünə imkan verməyəcək.
Ancaq bu arada "A Haber" telekanalının yaydığı xəbərdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ABŞ-ın ölkəsinə qarşı belə bir ultimatum səsləndirməsi barədəki məlumatları təkzib edib.