Ağdamda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti Raqub Orucovun və əsgər Sarvan Mehralıyevin anım mərasimi keçirilib.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, əlilləri və “N” saylı hərbi hissənin əsgərləri şəhid Sarvan Mehralıyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyub.
Daha sonra Bənövşələr köçkün orta məktəbində Raqub Orucovun anım məraimində biraraya gəliblər. Mərasimdə çıxış edənlər 3 il əvvəl aprelin əvvəllərində cəbhədə baş verən hadisələr zamanı Ordumuzun düşmənə vurduğu ağır zərbədən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbətlər açıblar.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi son əməliyyatlar torpaqlarımızın işğalından keçən müddət ərzində aparılan ən uğurlu döyüş əməliyyatlarından biridir.
Tədbirin sonunda məktəblilərin hazırladığı ədəbi-bədii kompazisiyaya nümayiş olunub.