Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilmiş görüşü ümidverici hesab edir.
ONA-nın məlumatına görə, bu barədə martın 31-də Aİ adından yayılmış bəyanatda deyilir.
Bəyanatda Aİ-nin vasitəçilik səylərinə dəstək verməyə hazır olduğu da qeyd olunur.
“Azərbaycan və Ermənistan rəhbərlərinin atəşkəs rejiminin gücləndirilməsinə və sülhə xidmət edən əlverişli şərait yaradılmasına sadiqliyi, eyni zamanda konkret nəticələrə yönəlik danışıqların davam etdirilməsi istiqamətində addımlar atmağa hazır olmalarını bəyan etmələri ümid yaradır”, - deyə bəyanatda vurğulanır.
Sənəddə bildirilir ki, Aİ humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, habelə əhalinin sülhə hazırlanması ilə bağlı iki ölkənin xarici işlər nazirləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözləyir.
“Aİ vasitəçilik səylərinə və ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə tam dəstəyini bir daha ifadə edir”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ilk rəsmi danışıqlar martın 29-da Avstriyanın paytaxtı Vyanada keçirilib.